
13.06.2026
İyunun 12-də Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon ictimaiyyətinin üzvləri Heydər Əliyev adına Parkda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Yeni Azərbaycan Partiyasının rayon təşkilatında Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, 15 İyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası, xalqın siyasi iradəsinin təntənəsi və Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını həyata keçirdiyi tarixi gündür. Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev xalqımızı mürəkkəb ictimai-siyasi böhrandan çıxararaq ölkədə sabitliyin bərpasına, müstəqilliyin möhkəmləndirilməsinə və davamlı inkişafın təmin olunmasına nail olub.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndiyi, beynəlxalq nüfuzunun artdığı, tarixi Zəfərin qazanıldığı və ərazi bütövlüyünün tam bərpa olunduğu diqqətə çatdırılıb.
Tədbir iştirakçıları Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurların bu tarixi günün bəhrəsi olduğunu vurğulayıblar.